Kibertəhlükəsizlik məlumatları
Dələduzların əsas məqsədi, sizə aid məxfi məlumatları əldə etməkdir. Həmin məlumatları aldıqdan sonra, onlar bank hesablarınız üzərindən əməliyyatların aparılmasına cəhd göstərir və, təəssüf ki, bir çox hallarda müvəffəq olurlar.
Dələduzların şəxsi məlumatlarınızı əldə etmək üçün istifadə etdiyi bəzi aldatma yolları ilə tanış olun:
Sizə naməlum nömrədən zəng edərək fırıldaqçı özünü “bankın təhlükəsizlik işçisi” kimi təqdim edə bilər. Məxfi məlumatları əldə etmək məqsədilə "bank tərəfindən şübhəli bir əməliyyatın aşkarlandığını" və ya "sistemdə çətinliklərin olduğunu" bildirə bilər. Fırıldaqçı "pullarınızı itirməmək" bəhanəsi ilə sizdən kartın tam nömrəsini (kartın üzərindəki 16 rəqəmi), CVV və ya CVC kodunu, SMS-lə daxil olan OTP kodu və ya "Onlayn bank"a giriş şifrinizi soruşa bilər.
Yadda saxlayın!Zəng edən şəxsin göstərişi ilə heç bir şəxsi məlumatı paylaşmayın. Bank işçisi kartı qorumaq üçün bütün əməliyyatları özü edə bilir, bunun üçün sizə zəng edib məlumatları almağa ehtiyacı qalmır.
Fırıldaqçılar zəng edərək və ya SMS göndərərək hesabınıza səhvən pul köçürdüklərini bildirə və həmin məbləğin geri qaytarılmasını istəyə bilər. Siz pulu köçürdükdən sonra onları geri qaytarmaq mümkün olmayacaq.
Yadda saxlayın!Zəng edən şəxsin göstərişi ilə dərhal heç bir əməliyyat etməyin. Vəsaitin həqiqətən hesabınıza daxil olduğundan əmin olmaq üçün ilk öncə kartınızın balansını yoxlayın. Əlavə məlumat almaq üçün banka zəng edə bilərsiniz.
Fırıldaqçılar sizə zəng edərək, SMS göndərərək və ya sosial media səhifələrindən mesaj yazaraq lotereyada qalib olduğunuzu və ya hədiyyə qazandığınızı bildirə bilər. Onlar "hədiyyə məbləğini hesaba köçürmək" bəhanəsi ilə məxfi məlumatları əldə etməyə çalışacaq.
Yadda saxlayın!Hesabınıza dair məlumatların bankda mövcudluğu səbəbinən onların sizdən bank işçisi tərəfindən bir daha sorğulanmasına ehtiyac yoxdur. Zəng edən şəxsin göstərişi ilə əməliyyat etmədən banka zəng edib məlumatın doğru olub-olmadığını dəqiqləşdirin.
Fırıldaqçılar sizə imeyl və ya SMS göndərərək lotereyada iştirak etməyi təklif edə bilər. Keçid edəcəyiniz veb-sayt saxta olacaq. Həmin saytda şəxsi məlumatlarınızın doldurulması istəniləcək. Həmçinin lotereyada iştirak üçün müəyyən məbləğdə ödənişin edilməsi də istənilə bilər.
Yadda saxlayın!Bank bütün kampaniyalar və lotereyalar haqqında rəsmi mənbələrdə öncədən məlumat təqdim edir. Sizdən istənilən məlumatları daxil etmədən əvvəl banka zəng edib həqiqətən də lotereyanın keçirildiyini dəqiqləşdirin.